Haqqımızda

Tolerantlıq Evi – Azərbaycan Respublikasının zəngin tolerantlıq dəyərlərinin, multikultural irsinin və dini müxtəlifliyinin qorunması, təşviqi və inkişafı məqsədilə yaradılmış mədəniyyət və maarifləndirmə məkanıdır. Mərkəzimiz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi tolerantlıq və multikulturalizm siyasətinin bir təzahürü olaraq fəaliyyət göstərir. Bizim əsas missiyamız müxtəlif mədəniyyətlər, dinlər və etnik qruplar arasında qarşılıqlı hörməti, anlaşmanı və harmoniyanı təşviq etməkdir.

Tolerantlıq Evi həm yerli, həm də beynəlxalq ziyarətçiləri qəbul edərək mədəni müxtəliflik və həmrəyliyin önəmini bir daha vurğulamağı qarşısına məqsəd qoymuşdur. 2024-cü il 16 noyabr tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın maddi və mənəvi dəstəyi ilə yaradılan Ev ölkəmizin qədim multikulturalizm dəyərlərini yaşatmaq, müxtəlif dini və etnik qrupların mədəni irsini qorumaq və cəmiyyətimizdə tolerantlıq ənənələrini gücləndirmək məqsədi daşıyır. Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilmiş bu layihə, Azərbaycanın tolerantlıq irsini və dəyərlərini dünyaya tanıtmaq istiqamətində mühüm bir addımdır.

Tolerantlıq Evi həm yerli, həm də beynəlxalq səviyyədə tolerantlıq, mədəni müxtəliflik və insan hüquqları ilə bağlı maarifləndirmə işləri aparır, bu sahədə layihələr və tədbirlər həyata keçirir. Fəaliyyətimizin əsas istiqamətləri dinlərarası dialoqun gücləndirilməsi, gənclər arasında tolerantlıq dəyərlərinin təbliği, elmi araşdırmaların təşviqi və cəmiyyətin müxtəlif təbəqələri arasında əlaqələrin möhkəmləndirilməsidir.
Əsas fəaliyyət sahələrimiz:
  • Dinlərarası dialoq: Müxtəlif dinlərin tarixi və irsi haqqında məlumat verən ekspozisiyalar.
  • Maarifləndirmə: Tolerantlıq mövzularında seminarlar, təlimlər və mühazirələr təşkil etmək.
  • Dini və mədəni tədbirlər: Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən tədbirlərə ev sahibliyi etmək.
  • Təhsil və maarifləndirmə proqramları: Gənclərə və ziyarətçilərə tolerantlıq, sülh və dinlərarası dialoq dəyərlərini aşılayan seminar və mühazirələr.
Tolerantlıq Evi – fərqliliklərə hörmətin və birgəyaşayışın simvolu olaraq, hamını açıq dialoqa, əməkdaşlığa və mehribanlıq mühitinə dəvət edir. Biz inanırıq ki, müxtəliflik bizim zənginliyimizdir, vəhdətimiz isə gücümüzdür!