AZƏRBAYCANDA YƏHUDİLİK
Tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycanda mövcud olan ənənəvi dinlərdən biri yəhudilikdir. Yəhudilər ölkəmizdə üç subetnik qrupla (yaxud icma) təmsil olunmuşlar: dağ yəhudiləri, aşkenazilər (Avropa yəhudiləri) və gürcü yəhudiləri.
Dağ yəhudiləri Azərbaycanda ilk məskunlaşan yəhudi subetnik qrupudur. Eyni zamanda onlar saylarına görə ölkəmizdə yaşayan digər yəhudi qrupları üstələyirlər. Geniş yayılmış fikrə görə, XIX əsrin birinci yarısında Qafqazı istila edən ruslar onları “dağ yəhudiləri” adlandırmışlar. Belə ki, rus qoşunlarının əsgərləri Qafqazın dağlıq ərazilərində at belində və yapıncı geyinmiş yəhudiləri görəndə çox təəccüblənmiş və onlara “dağ yəhudiləri” adını vermişlər.
Ehtimal olunur ki, dağ yəhudilərinin əcdadları V–VI əsrlərdə Sasanilər imperiyası dövründə İran və İkiçayarasından (Mesopotamiya) köçərək Şərqi Qafqazda, o cümlədən Şimali Azərbaycan torpaqlarında məskunlaşmışlar. Dağ yəhudiləri subetnik qrupunun formalaşması bununla bitməmişdir. Tədqiqatçılara görə, bu tarixi proses XIII əsrin ortalarınadək davam etmişdir. Hətta Bizans imperiyasından gələn yəhudilər də dağ yəhudiləri icmasının formalaşmasında rol oynamışlar.
Ölkəmizdəki dağ yəhudilərinin tarixindən danışarkən mütləq Quba rayonundakı Qırmızı qəsəbəni qeyd etmək lazımdır. Çünki bu qəsəbə postsovet məkanda dağ yəhudilərinin kompakt halda yaşadığı yer hesab olunur. Tarixən, dağ yəhudiləri əvvəl Şahdağın ətəyində məskunlaşmışdılar. Lakin, müxtəlif siyasi təzyiqlər nəticəsində onlar XVIII əsrin ortalarında Qubalı Hüseynəli xandan (1726–1758) kömək istəmişdilər. Hüseynəli xan onların müraciətini qəbul edərək, öz himayəsinə götürmüş və Qudyalçayın sol sahilində məskunlaşmalarını təmin etmişdir. Bununla da, Qırmızı Qəsəbənin əsası qoyulmuşdur. İlk dövrlərdə "Yəhudi qəsəbəsi" adlandırılan bu yaşayış məntəqəsi, sonralar "Qafqazın Yerusəlimi" kimi də məşhurlaşmışdır.
Gürcü yəhudiləri Azərbaycana ilk dəfə XVIII əsrdə gəlməyə başlamışlar. Özlərini “ebraeli” və ya “israeli” adlandıran gürcü yəhudiləri qədim zamanlardan Gürcüstan ərazisində yerləşən, habelə gürcü dilində danışan yəhudi subetnik qrupun nümayəndələridir. Sonrakı illərdə gürcü yəhudilərinin Azərbaycana axını intensivləşmiş və bu proses I Dünya müharibəsinədək davam etmişdir. Hazırda ölkəmizdə gürcü yəhudiləri sayca ən kiçik yəhudi subetnik qrup sayılır. Onlar, əsasən, Bakı şəhərində yaşayırlar.
Aşkenazilər barədə danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, bu subetnik qrup erkən orta əsrlərdə Mərkəzi Avropada formalaşmışdır. Orta əsr yəhudi ədəbiyyatında “aşkenazi” adı altında Reyn çayının sahilində, daha sonra isə alman torpaqlarında yaşayan yəhudilər nəzərdə tutulurdu. Bu termin orta əsrlərdə yəhudilərin Almaniyaya verdikləri addan törəmişdir. Yəhudi ənənəsinə görə, Yasəfin (Nuh peyğəmbərin oğlu) nəvəsi, əfsanəvi Aşkenazanın nəsli Almaniya torpaqlarında məskunlaşmışdır. Ona görə də yəhudilər həmin ölkəyə bu adı vermişlər. Zaman keçdikcə bu termin subetnik anlayış kimi təkcə Almaniyadakı yəhudilərə deyil, onların nəslindən olan və digər Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir.
Aşkenazilərin danışıq dili idişdir. Bu dil X–XIV əsrlərdə Mərkəzi və Şərqi Avropada alman dilinin orta əsrlərdə yayılmış ləhcələri, eləcə də ibrani, arami, roman, slavyan dilləri əsasında yaranmışdır. Qeyd edək ki, aşkenazilərin Azərbaycanda məskunlaşması çar Rusiyası dövrünə təsadüf edir. Belə ki, ilk aşkenazilər 1832-ci ildə Bakıda məskunlaşmışlar. XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda yaşanan “neft bumu” səbəbiylə şəhərdəki yəhudi əhalisinin, o cümlədən aşkenazilərin sayı sürətlə artmışdır. 1897-ci ildə Bakıda iki mindən yuxarı yəhudi var idi ki, onların da əksər hissəsini aşkenazilər təşkil edirdi.
Bununla yanaşı, 1903-cü ildə Kişinyovda, 1905-ci ildə Odessada, 1906-cı ildə Belostokda, habelə Rusiya imperiyasının digər məntəqələrində baş vermiş yəhudi qırğınları nəticəsində bir çox aşkenazi ailələri Azərbaycana pənah gətirmiş, əsasən, Bakıda məskunlaşmışdır. Qırğınlardan xilas olmaq üçün ölkəmizə üz tutmuş aşkenazilər burada özlərinə ikinci vətən tapmışlar.
Müasir dövrdə Azərbaycandakı yəhudilərin vəziyyətinə gəlincə, qeyd etmək lazımdır ki, onlar, əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin Quba, Qusar, Xaçmaz, Oğuz, Şəki, Şamaxı, Cəlilabad, Lənkəran və Göyçay rayonlarında yaşayırlar. Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bunun bariz nümunəsi dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində Bakı şəhəri dağ yəhudiləri dini icması üçün yeni sinaqoqun tikilməsidir. 2010-cu ildə təməli qoyulan həmin sinaqoq 2011-ci ilin aprel ayında dağ yəhudilərinin istifadəsinə verilmişdir.
Eyni zamanda hər il yəhudi xalqının yeni ili – “Roş ha-Şana” bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti ölkəmizdəki yəhudi icmasına təbrik ünvanlayır.
Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusən qeyd edilməlidir. Belə ki, Bakıda yaşayan yəhudi uşaqlar üçün “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa olunmuşdur. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə həmin mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatmışdır. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, eləcə də MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak etmişlər.
Bundan başqa, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, habelə Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə yəhudi bölməsi, Quba rayonunda Dağ yəhudilərinin kompakt yaşadığı "Qırmızı Qəsəbə"də yəhudi uşaqları üçün "Şmirat a-Şem" adlı kollec fəaliyyət göstərir.
Onu da qeyd edək ki, bu gün Azərbaycanda yəhudi icmaları ictimai-siyasi həyatda fəal iştirak edirlər. Respublikada Azərbaycan–İsrail Dostluğu Cəmiyyəti, “Soxnut” yəhudi agentliyi, “Coynt”, “Vaad-L-Xatzola” kimi iri yəhudi xeyriyyə təşkilatları, Azərbaycan Yəhudi Qadınlarının Humanitar Assosiasiyası, yəhudi dini məktəbləri (iyeşiva), “Azərbaycan–İsrail” Mədəni Əlaqələr Cəmiyyəti, “Xava” adlı qadın cəmiyyəti və digər yəhudi qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.
Hazırda respublika ərazisində yeddi sinaqoq və dörd yəhudi dini icması fəaliyyət göstərir.
Nəticə etibarilə, müasir dövrdə Azərbaycanda yəhudilər antisemitizmdən uzaq, tolerant mühitdə yaşayırlar. Bu isə təsadüfi deyildir, çünki bütün tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss etmiş, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə Azərbaycan xalqı onlara doğma münasibət göstərmişdir. Hazırda yəhudi mənşəli həmvətənlərimiz ölkədə dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşayırlar.















