Adı Kəbə örtüyündə yazılan sənətkar
Etibar Cəbrayıloğlu
Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhəri. Dünya müsəlmanlarının ən müqəddəs saydığı məkan. Hörmətli məscid mənasını verən "Məscüdül-Həram" bu şəhərdə yerləşir. Planetin hansı nöqtəsində yaşamasından asılı olmayaraq müsəlmanlar namaz qılarkən üzünü məhz "Məscüdül-Həram"a tutur, buradakı Kəbə evini özünün qibləsi sayır.
Təxminən 13 metr hündülüyü olan Kəbənin üzərindəki qara örtük, Qurani-Kərimdən yazılan ayələr bu müqəddəs məkanı daha da əzəmətli göstərir. Kəbənin örtüyü Məkkədəki xüsusi fabrikdə hazırlanır.
Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin Xadimi Əlahəzrət Salman bin Əbdüləziz Al-Səudun xüsusi dəvət proqramı ilə bu ölkəyə səfər edərkən Kəbə üçün örtük hazırlayan fabrikə baş çəkmək, iş prosesini izləmək imkanı da qazandım.
Fabrik Məkkənin kənarındakı Ümm Əl-Coud məhəlləsində yerləşir. Və bu yeni ünvana 1977-ci ildə köçürülüb.
Hər gün yüzlərlə ziyarətçi ilə görüşən fabrik rəsmiləri məlumat verdilər ki, müəssisədə 50-dən çox insan çalışır və onların əksəriyyəti bu işi öz-dədə babalarından öyrəniblər. Kisva adlanan bu örtüyün üzərində qızılı saplarla Qurani-Kərimdən ayələr toxumaq indi onlara həvalə olunub.
O da bildirildi ki, Kəbənin örtüyü xüsusi ipək parçadan hazırlanır və onun ağırlığı təqribən 800 kiloqramdır. Müsəlmanların müqəddəs kitabından ayələr isə qızıldan hazırlanan saplarla yazılır. Hər dəfə bu işə 120 kiloqram qızıl, 60 kiloqrama yaxın gümüş sərf olunur.
Yeni kisvanın dəyişdirilməsi də xüsusi qaydalarla tənzimlənir. Hər il Həcc mövsümü ərəfəsində təşkil olunan mərasimdə yeni örtük Kəbənin üzərinə çəkilir.
Əvvəlki örtük isə hissələrə bölünərək dünyada İslam aləmi üçün xidmət göstərən şəxslərə hədiyyə olaraq göndərilir. Bu barədə bir qədər sonra...
Fabriki gəzərkən maraqlı bir məlumat aldım. Quranda ayələr yazılan örtüyün kənarında böyük bir sənətkarın adı da qeyd edilir. Bu yüksək şərəfə layiq görülən insan kimdir?
Bir vaxtlar Kəbə örtüyündə Qurani-Kərimdən ayələr yazmaq məşhur xəttat Əbdürrəhim Aminə həvalə olunurmuş. Səudiyyə Ərəbistanının beşinci Kralı və Baş naziri Fəhd bin Əbdüləziz Al-Səud bu ustad xəttatın işini çox bəyənirmiş. Kral xəttatı bir gün öz sarayına dəvət edərək "Dilə məndən nə dilərsən",- deyir. Əbdürrəhim Amin xahiş edir ki, örtükdə onun da adı qeyd edilsin. Kral Fəhd bin Əbdüləziz Al-Saud sənətkarın xətrini çox istədiyindən onun arzusunun həyata keçirilməsini tapşırır. Vəfatından 30 ildən artıq vaxt keçməsinə baxmayaraq məşhur xətt ustası Əbdürrəhim Aminin adı indi də Kəbə örtüyündə qeyd olunmaqda davam edir.
Yazıda qeyd etdiyim kimi, yeni örtük Kəbənin üzərinə çəkiləndən sonra köhnə örtük hissələrə bölünərək İslam aləminin nüfuzu şəxsiyyətlərinə hədiyyə olunur. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də bu şərəfə nail olub. Şeyx həzrətləri ona bağışlanan Kəbə örtüyünü Bakıda - qədim İçərişəhərdə fəaliyyətə başlayan "Tolerantlıq evi"nə hədiyyə edib. Bu unukal eksponat "Tolerantlıq evi"ndə nümayiş edilir və çoxsaylı ziyarətçilərin marağına səbəb olur.
Mən bu barədə fabrik rəsmilərinə ətraflı məlumat verəndən, fotoşəkillər göstərəndən sonra onlar bu informasiyanı diqqətlə dinlədilər və məmnun olduqlarını bildirdilər.
Sonda bu xüsusi səfər proqramının hazırlığında göstərdiyi diqqətə görə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh Əl-Cüteyliyə minnətdarlığımı bildirirəm.
Mənbə: Reytinq. Onlayn qəzet
https://reyting.az/yazi/adi-k-b-ortuyund-yazilan-s-n-tkarTarix: 17 Oktyabr 2026
