Sərgilər və tədbirlər

“Zəfər Günü: tarixi yaddaş və milli kimlik” mövzusunda tədbir

6 noyabr 2025-ci il tarixində Xəzər Universitetində Tolerantlıq Evinin və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə “Zəfər Günü: Tarixi yaddaş və milli kimlik” adlı tədbir keçirilib. Tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin beşinci ildönümünə həsr olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqi ilə Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva çıxış edərək, Zəfər Gününün Azərbaycan xalqının milli kimliyinin, vətənpərvərlik ruhunun və birliyinin rəmzi olduğunu, qələbənin qazanılmasında prezidentin uğurlu diplomatiyasının rolunu vurğulayıb. 

Daha sonra çıxış edən Xəzər Universitetinin Tarix və Arxeologiya Departamentinin müdiri Dr. Telman Nüsrətoğlu qələbəyə doğru aparan yolun çətinliyindən, əsgərlərimizin qəhrəmanlığından, Zəfərin Azərbaycanın milli kimliyinin formalaşmasındakı rolundan bəhs edib.  

Tolerantlıq Evinin direktoru Fatma Paşazadə çıxışında bu günün tarixi və mənəvi əhəmiyyətindən bəhs edərək, Zəfərin ədalətin, milli həmrəyliyin və mənəvi dəyərlərimizin təntənəsi olduğunu vurğulayıb.  

Tədbir Azərbaycanın dini icmalarını təmsil edən şəxslərin çıxışı ilə davam edib. Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev Azərbaycanın öz haqlı mübarizə yolunda qarşılaşdığı haqsızlıqlar və buna baxmayaraq həqiqətləri dünyaya tanıda bilməsi, Zəfərin qazanılmasında xalqımızın birliyinin əhəmiyyəti haqqında danışıb və Zəfəri bizə bəxş edənlərə ömür boyu borclu olduğumuzu vurğulayıb. 

 Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov tədbir iştirakçılarını və bütün xalqmızı Zəfər günü münasibətilə təbrik edib, Azərbaycan xalqının işğal dövründə qarşılaşdığı əzab-əziyyətləri və sonda Qarabağa qayıdışımızı, Prezidentin sülh və qurulculuq siyasətini islam ümməti və peyğəmbərinin mübarizə yolu və fəaliyyəti ilə müqayisə edib. 

Alban-Udi İcmasının sədri Robert Mobili qələbənin qazanılmasında xalqın birliyi, şəhid və qazilərimizin rolundan bəhs edib. 

Roma-Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev çıxış edərək, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Feketenin təbrikini çatdırıb, müqəddəs kitablarda da sülhün yüksək dəyərləndirildiyini qeyd edərək, prezident İlham Əliyevin sülhün bərqərar olması istiqamətində fəaliyyətindən bəhs edib. 

Azərbaycanın çoxkonfessiyalı ölkə olmasının, multikultural və tolerantlıq dəyərlərinin dövlətimizin möhkəmliyinin və cəmiyyətin birliyinin dayağı olması çıxış edənlərin hər birinin nitqində vurğulanan əsas fikir olub.

Xəzər Universitetinin müəllimi Dr. Rüxsarə Quliyeva tədbirdə çıxışı zamanı vurğulayıb ki, Zəfər sadəcə hərbi qələbə deyil, ədalətin və sülhün bərpasıdır. O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində yalnız torpaqlarını azad etmədi, həm də Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdən pozulmuş Beynəlxalq Hüquq normalarını, tarixi ədaləti və milli ləyaqətini bərpa etdi.

Xəzər Universitetinin müəllimi Dr. Yaqub Məmmədov “Qarabağda bərpa olunan arxeoloji tədqiqatlar: tarixin zəfərlə yenidən yazılması” mövzusundan çıxış edərək, vurğulayıb ki, azad edilmiş ərazilərdə aparılan arxeoloji bərpa və tədqiqat işləri yalnız mədəni irsin, tarixi yaddaşın dirçəldilməsi deyil, həm də müharibədən sonra beynəlxalq hüquq normalarının, daha dəqiq desək beynəlxalq humanitar hüququn “reparasiya və bərpa” prinsipinin həyata keçirilməsidir. Bu fəaliyyətlər dağıdılmış abidələrin, yaşayış məskənlərinin və mədəni irs nümunələrinin yenidən bərpasını təmin etməklə, bölgədə ədalətin, sülhün və davamlı inkişafın bərqərar olunmasına xidmət edir.

Sonra Şuşa Fatehləri, qazı Vüsal Həsənov və Şiraz Həsənovun döyüş və hərb yolunu əks etdirən qısa videoçarx nümayiş etdirilib. Ardından qazilər və şəhid ailələrinə söz verilib. Qazilərdən Şuşa Fatehi Şiraz Həsənov döyüş yoldaşlarının qəhrəmanlığından söz açaraq, Zəfərin xalqın birliyi və inamının təntənəsi olduğunu vurğulayıb.

Xəzər Universitetinin tələbəsi, Suqovuşan Fatehi ləqəbli, Zəfər ordenli, Şəhid Polkovnik Babək Səmidlinin oğlu Mətləb Səmidli çıxışında atasının döyüş yolundan, onun Vətənə olan sarsılmaz sevgisindən və şəhidlik zirvəsinə ucalmasının ailəsi üçün həm qürur, həm də məsuliyyət hissi doğurduğundan səmimi duyğularla danışıb, şəhidlik zirvəsinə ucalmazdan bir gün öncə atası ilə söhbətini, onun Qarabağ azad olunmadan bu mübarizə yolundan geri çəkilməyəcəyi, Qarabağ problemini gələcək nəslə qoymayacağı haqqında sözlərini xatırlayıb. Mətləb Səmidli bildirib ki, atamın döyüşə girmədən əsgərlərə 3 əmri var idi: “Ya qazi olun, ya qalib, ya da şəhid”. “Atam bunların hər üçünü özü yaşadı. 2016-cı ilin aprel döyüşlərində yaralanaraq qazi oldu, Vətən müharibəsində qalib kimi döyüşdü və 23 noyabrda itkin düşmüş şəhid əsgərləri axtararkən minaya düşərək zirvəsinə ucaldı”. M. Səmidli çıxışını aşağıdakı cümlələrlə başa çatdırdı: “Bəziləri tarix yazır, bəziləri tarix olur. Atam da tarix oldu”.

Tədbirdə Xəzər Universitetinin tələbəsi, Şəhid Həsən Məmmədovun qızı Arzu Məmmədova da iştirak edib.

Çıxışlardan sonra yazıçı İlqar Kamilin şəhid leytenant Murad Nağıyevin həyatına həsr olunmuş “9-cu mərtəbə” adlı romanının təqdimatı keçirilib. 

Tədbir xatirə fotosu ilə yekunlaşıb.