Şeyxülislam



ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ

Azərbaycanın dünya şöhrətli dini lideri, görkəmli ictimai xadim Şeyxülislam Allahşükür Hümmət oğlu Paşazadə 1949-cu il avqustun 26-da Azərbaycan Respublikası Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. 1968-1970-ci illərdə Özbəkistan Respublikasının Buxara şəhərində “Mir-Ərəb” mədrəsəsində təhsilini başa vuran Allahşükür Paşazadə, 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Akademiyasının ilahiyyat fakültəsinə daxil olmuş və 1975-ci ildə bu ali ruhani təhsil ocağını müvəffəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnmişdir. Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) məsul katib vəzifəsində çalışmış, 1978-ci ildə isə Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini seçilmişdir. 1980-ci ildə QMİ-nin sədri seçilərək Şeyxülislam rütbəsi almışdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.

Şeyxülislam Allahşükür Paşazadə Sovetlər dövründə SSRİ-nin bir sıra beynəlxalq və ümumittifaq miqyaslı təşkilatlarında Rəyasət Heyətinin üzvü olan yeganə din xadimi kimi təmsil olunurdu. O, Sovet Sülhü Müdafiə Komitəsinin, Sovet Sülh Fondunun, Sovet Uşaq Fondunun, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin, Xarici ölkələrlə dostluq və mədəni əlaqələr üzrə Sovet cəmiyyətləri Şurasının, SSRİ Ali Soveti Millətlər Şurasının rəyasət heyəti üzvü idi. Sovet ordusunun Əfqanıstana qoşun yeritdiyi illərdə o, dəfələrlə Əfqanistana gedib oradakı siyasi və ruhani liderləri ilə şəxsən danışıqlar apararaq 200 nəfərdən çox müsəlman əsilli sovet əsgərlərinin əsirlikdən azad edilməsinə nail olmuş, sülhməramlı tədbirlərin bilavasitə təşkilatçısı və təbliğatçısı kimi nüfuz qazanmışdı.

Şeyxülislam A.Paşazadənin təşəbbüsü və İslam Konfransı Təşkilatının himayəsi ilə 1986-cı ildə Bakıda “Müsəlmanlar sülh uğrunda mübarizədə” beynəlxalq İslam konfransı keçirilmiş, konfransın işində dünyanın 60 ölkəsindən 600-dən çox nümayəndə iştirak etmişdir. Təşkilatçılıq qabiliyyəti yüksək dəyərləndirilən Şeyxülislam həzrətləri 1987-ci ildə Moskvada “Nüvə silahsız dünya, bəşəriyyətin xilası uğrunda” beynəlxalq forumun başçısı və həmsədri seçilmişdir. Sovet dövlətinin yüksək mükafat və təltifatlarına baxmayaraq, Şeyxülislam həzrətləri vətəndaşlıq mövqeyini və azərbaycançılıq ideyalarına sədaqətini hər zaman ləyaqətlə nümayiş etdirmiş, bu münasibət özəlliklə 1989-cu ildə BMT-nin Cenevrədəki Millətlər Sarayında keçirilən 45-ci sessiyasındakı çıxışında öz əksini tapmışdır. 

Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra - 1991-ci ilin dekabrında Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan müsəlman sovet respublikaları arasında ilk olaraq İslam Konfransı Təşkilatının (indiki adı ilə İƏT) üzvlüyünə qəbul edildi. Bu, faktiki olaraq, 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil müsəlman ölkəsi kimi qəbul edilməsi, Qarabağ probleminin beynəlxalq müstəviyə çıxarılması demək idi. 

1990-cı ilin Qanlı yanvar hadisələri zamanı Şeyxülislam Allahşükür Paşazadə təhdid və təzyiqlərə baxmayaraq şəhidlərin son mənzil yola salınması tədbirlərində xalq kütlələrinə öncüllük etmiş, BMT-nin Baş katibi Peres de Kuelyara, bütün dövlətlərin başçılarına və dini liderlərə müraciət göndərmiş, dini lider olaraq Azərbaycan xalqının iradəsini ifadə edərək azərbaycanlıların qatili - SSRİ rəhbəri Mixail Qorbaçova ittihamedici, nifrət, qəzəb və hiddət dolu açıq müraciət ünvanlamışdı.

Şeyxülislam Allahşükür Paşazadə 1989-cu ildə SSRİ Ali Sovetinə xalq deputatı seçilən ilk müsəlman din xadimi idi. Şeyxülislam Allahşükür Paşazadə 1990-1995-ci illərdə müstəqil Azərbaycan Respublikasının ilk Milli Məclisində Naxçıvan seçki dairəsindən XII çağırış millət vəkili olmuşdur. 
Şeyxülislam Allahşükür Paşazadə Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün rus, gürcü, erməni dini liderləri və beynəlxalq dini təşkilatların rəhbərləri ilə dəfələrlə görüşlər keçirmiş, erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət etmişdir. Münaqişənin dini müstəviyə keçməməsi üçün əlindən gələni əsirgəməyən Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə Montrö (İsveçrə) şəhərində, Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Rostov, Moskva, Bakı, Tbilisi şəhərlərində çoxsaylı görüşlərdə iştirak etmiş, görüşlərin nəticələrinə dair imzalanan birgə bəyannamələrdə Azərbaycanın ədalətli mövqeyini əks etdirən məqamların yer almasına nail olmuşdur. Ermənistanın Azərbaycana təcavüzünün nəticəsi olaraq işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı dünya dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayan Şeyxülislam Allahşükür Paşazadə bu gün də Ermənistanın işğalçılıq siyasətinə hüquqi qiymət verməyə, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən olan Xocalı və Ağdaban (Kəlbəcər) qətliamına soyqırım statusu verilməsinə çağırır.

Qafqaz bölgəsinin ən nüfuzlu din xadimi kimi 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Allahşükür Paşazadə “Qafqaz evi” çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində gərgin fəaliyyət göstərmişdir. 1999-cu ildə Rusiya Federasiyasının prezidenti Boris Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz müraciəti göndərərək, İslam ekstremizmi və terrorizmi ilə mübarizə şüarından sui-istifadə edərək, bütöv xalqın terrorçu, ekstremist, cinayətkar adlandırılmasını qətiyyətlə pisləmişdir.
Şeyxülislam Allahşükür Paşazadə müsəlman həmrəyliyi prinsipindən çıxış edərək Yaxın Şərqdə və müsəlman dünyasında baş verən kütləvi qırğınlarla bağlı öz etiraz səsini ucaltmış, bütün səmavi dinlər üçün müqəddəs sayılan bu ərazilərdə yerləşən müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizəsi ilə bağlı beynəlxalq təşkilatlar və dövlətlər qarşısında məsələ qaldırmışdır. 

Şeyxülislam Allahşükür Paşazadə mötəbər beynəlxalq konfranslarda dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasında münaqişələrin sülh yolu ilə nizamlanması ideyasını, tolerantlığı və multikultural münasibətləri ardıcıl təbliğ edir, xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi naminə daima xoşməramlı əməli fəaliyyət göstərir. O, bir çox beynəlxalq miqyaslı tədbirlərin, elmi-praktiki konfransların Bakıda keçirilməsinin və Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslərin təşviqi məqsədilə xarici ölkələrdə beynəlxalq forumların təşəbbüskarı və təşkilatçısı olmuşdur. 

Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı II Aleksi ilə birlikdə BMT yanında Dinlərin Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Nəticədə müsəlman, xristian və yəhudi din xadimlərinin UNESCO nəzdində formalaşdırılması nəzərdə tutulan yüksək səviyyəli Məşvərət qrupunda Allahşükür Paşazadənin müsəlman din xadimlərini təmsil edəcəyi qərara alınmışdır. O, 2009-cu ilin iyulunda UNESCO-nun yanında yaradılan din xadimlərinin yüksək səviyyəli Məşvərət qrupunun üzvü seçilmişdir. Xristian aləmində böyük nüfuz və ehtiram sahibi olan Allahşükür Paşazadə, eyni zamanda 2006-cı ildən Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvüdür. MDB məkanının bütün dini konfessiya rəhbərləri, xüsusilə Moskva və bütün Rusiya Patriarxı Kiril və Ümungürcüstan Patriarxı II İliya ilə qarşılıqlı ehtiram münasibətləri, mütəmadi görüşləri sayəsində regionda, postsovet məkanında bir sıra önəmli problemlərin tənzimlənməsində rol oynamışdır. Roma papası II İohan Pavel müsəlman din xadimləri içərisində ilk dəfə Şeyxülislam Allahşükür Paşazadəni Vatikana dəvət edərək, fəaliyyətini “Müqəddəs Qreqori” ordeni ilə yüksək qiymətləndirərkən demişdi: “Müxtəlif dinlərin nümayəndələri tərəfindən Sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”. 2021-ci ildə Şeyxülislam A.Paşazadə Roma Papası Fransiskin dəvəti ilə Vatikanda səfərdə olmuşdur. 

Şeyxülislam Allahşükür Paşazadə 1992-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır, 1999-cu ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin professoru, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert şurasının üzvü, tarix və ilahiyyat üzrə onlarla dissertasiyaların elmi rəhbəri, opponenti və məsləhətçisidir. İslam tarixi sahəsində Azərbaycanın ilk milli tarixçi-islamşünası olan Şeyxülislam A.Paşazadə “Qafqazda islam”, “İslamda ümmət və şüubilik”, “Quranın təfsiri və tərcüməsi tarixi”, “Qurani-Kərimin ilahi hökmləri və öyrənilməsi”, “İslamda şəhidlik”, “Milli münasibətlər və din”, “Qurani-Kərimin ecazkarlığı”, “Qurani-Kərimdə insan təbiəti” adlı monoqrafiyaların və çoxsaylı elmi əsərlərin müəllifidir. Şeyxülislamın təşəbbüsü ilə 1989-cu ildə Bakı İslam mədrəsəsi təsis edilmiş, 1991-ci ildən Bakı İslam Universiteti kimi fəaliyyət göstərməyə başlamışdır. 1997-ci ildə Qafqaz Müsəlmanları İdarəsi nəzdində görkəmli elm və din xadimlərindən ibarət Elmi-Dini Şura yaradılmışdır. Şeyxülislam Allahşükür Paşazadə İslam aləmində yeganə fiqh alimidir ki, həm şiə, həm də sünni məzhəblərinə fəqihlik etmək - ali dini hüquqi qərar vermək səlahiyyətinə malikdir. O, məzhəbi vəhdət naminə beynəlxalq miqyasda təbliğat aparan ictihad alimlərindəndir. Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının üzvü olan A.Paşazadə 2023-cü ildə İslam dünyasının nüfuzlu təltifi - Dünya Fətva Heyətləri Baş Katibliyininin “İmam Qürafi mükafatı”na layiq görülmüşdür.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsi Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Qazılar Şurasının sədri, "Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi"nin (BDSƏM) Baş Katibi, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri, Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri, KAlCllD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq mərkəzinin Direktorlar şurasının üzvü, Ümumdünya İslam Konqresinin rəyasət heyətinin üzvü, Ümumdünya Sülh Şurasının rəyasət heyətinin üzvü, Avrasiya İslam Şurasının rəyasət heyətinin üzvü,“Vicdana çağırış” Beynəlxalq Fondunun rəyasət heyətinin üzvü, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təşkilatının həmtəsisçisi, “Təqrib” İslami Məzhəblərarası Yaxınlaşma Komitəsinin Rəyasət Heyətinin üzvü, “Darut-Təğrib” müəssisəsinin (Misir) üzvü, “Darut-Təğrib beynəl məzahibil-islamiyyə” təşkilatının (Livan) üzvü, İslam Aləmi Liqası - “Rabitət əl-Aləm əl-İslami” təşkilatının (Səudiyyə Ərəbistanı) üzvü, UNESCO-nun yanında din xadimləri Məşvərət qrupunun üzvü, Roma Katolik və Rus Pravoslav kilsələrinin katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvüdür. Eyni zamanda, Şeyxülislam A.Paşazadə Dünya və ənənəvi dinlərin Astana Qurultaylarının Katibliyinin daimi üzvü, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərlərinin Məşvərət Şurasının üzvü, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının üzvü, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının sədridir. Şeyxülislam A. Paşazadə G20 çərçivəsində Dinlərarası Forumların Bolonya (İtaliya), Bali (İndoneziya), Puna (Hindistan) və Brasilia (Braziliya) zirvələrində iştirak etmişdir. 
Müxtəlif illərdə SSRİ-nin «Xalqlar dostluğu»; Misirin «Əl elm və əməl» (1992); Çeçenistanın «Millət qəhrəmanı» 1998, «Kadırov» (2009); Gürcüstanın «Şərəf» (2001), «Qızıl qoç dərisi» (2009); Rusiya Federasiyasının «Dostluq» (2006), «Şöhrət» (2009); İordaniya Krallığının I dərəcəli «Kral Hüseyn» (2007); Belarusun «Fransisk Skorina» (2014); Rus Pravoslav Kilsəsinin I dərəcəli «Böyük Knyaz Vladimir» (2001), I dərəcəli «Müqəddəs Sergi Radonejski» (2005), I dərəcəli “Müqəddəs mömin Moskva knyazı Daniil”, «Şöhrət və Şərəf» (2009), «Kiyev və Moskva Mitropoliti Müqəddəs Aleksi» (2024); Belarus Pravoslav Kilsəsinin I dərəcəli «Svyatitel Kiril Turovski» (2013) ordenləri və çoxsaylı medallarla təltif olunmuşdur. 

Azərbaycan Respublikasının Şöhrət (1994), İstiqlal (1999), Şərəf (2009), Heydər Əliyev (2019) ordenləri ilə təltif olunmuşdur.

AZƏRBAYCANDA TOLERANTLIQ MÜHİTİNİN YARADILMASINDA ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏNİN ROLU


Şeyxülislamlıq institutunun yaranma tarixinin kökləri çox qədimlərə gedir və uzun tarixi dövrü əhatə edir. İslam rəhbəri və ya ağsaqqalı mənasını özündə ehtiva edən “şeyxülislam” adı fəqihlərə , ilahiyyatçılara və ali ruhani xadimlərə verilən fəxri titul idi.

Cənubi Qafqaz müsəlmanlarına dini rəhbərliyi həyata keçirmək üçün 1823-cü ildə Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmiş və Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra, artıq XX əsrin əvvəllərindən Cənubi Qafqazın bütün müsəlmanlarına rəhbərlik edən dini lider fəaliyyətini Bakı şəhərindən davam etdirməyə başlamışdı. Yarandığı gündən bu günə kimi 12 şeyxülislam olmuşdur. 12-ci şeyxülislam Allahşükür Paşazadə 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və şeyxülislam dərəcəsinə yüksəlmişdir.

İslam tarixinin mahir bilicilərindən olan şeyxülislam Allahşükür Paşazadə görkəmli din xadimi olmaqla yanaşı, həm də dövlət – din münasibətlərinin formalaşması, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafı, ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılmasında əvəzsiz xidmətlər göstərir. Onun mövqeyi, əsasən, dinin cəmiyyətdəki rolunu, dini tolerantlıq və müxtəlif konfessiyaların birgəyaşayışını vurğulamaq üzərində qurulub.

Ulu öndər Heydər Əliyevin şeyxülislamın bu fəaliyyəti barədə aşağıdakı fikirləri onu bariz şəkildə səciyyələndirir: “Rеspublikаmızdа müхtəlif kоnfеssiyаlаr аrаsındа dini dözümlülük, dоstluq və əməkdаşlıq аb-hаvаsının hökm sürməsində də Sizin əməyiniz vаrdır. Bu sаhədə gördüyünüz işlər, digər kоnfеssiyаlаrın rəhbərləri ilə birgə fəаliyyətiniz Аzərbаycаndа ictimаi-siyаsi sаbitliyin bərqərаr оlmаsınа хidmət еdir... Siz dini-ictimаi хаdim kimi bеynəlхаlq аləmdə də böyük nüfuzа mаliksiniz. Аzərbаycаn həqiqətlərinin dünyа ictimаiyyətinə çаtdırılmаsı, Qаfqаzdа sülhün və əmin-аmаnlığın möhkəmləndirilməsi ilə bаğlı fəаliyyətiniz təqdirəlаyiqdir. Qurаni-Kərimin təbliğ еtdiyi hаqq, ədаlət və humаnizm idеyаlаrı islаm аləminin tаlеyüklü prоblеmlərinin həlli yоlundа аtdığınız аddımlаrdа öz əksini tаpmışdır”.

Rеspublikаmızdа müхtəlif kоnfеssiyаlаr аrаsındа dini anlaşma, dоstluq və əməkdаşlıq аb-hаvаsının hökm sürməsində şeyxülsilam Allahşükür Paşazadənin gördüyü işləri, digər kоnfеssiyаlаrın rəhbərləri ilə birgə fəаliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev isə bildirirdi: “...Bu gün ölkəmizin dünyada tolerantlıq örnəyi kimi tanınmasında və Azərbaycanın Qafqazda mənəvi mərkəz olaraq qəbul edilməsində Sizin müstəsna xidmətləriniz vardır... Çoxillik uğurlu fəaliyyətiniz, dünyada gedən mürəkkəb ictimai-siyasi proseslərdə, konfessiyalararası münasibətlərin tənzimlənməsi sahəsində yüksək fəallığınız, dini-mənəvi və bəşəri ideallara sadiqliyiniz Sizə, haqlı olaraq, həm ölkəmizdə, həm də xaricdə böyük hörmət qazandırmışdır. Bir çox beynəlxalq dini təşkilatlarda, nüfuzlu elmi-dini mərkəzlərdə Azərbaycanı layiqincə təmsil edirsiniz. Dini-ictimai xadim kimi Azərbaycan həqiqətlərini, Qarabağ probleminin və əsassız erməni iddialarının mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırır, bütövlükdə Qafqaz regionunda sülhün və əmin-amanlığın bərqərar olunmasında çoxsahəli fəaliyyət göstərirsiniz”.

Vəzifəsinin icrasına başladığı ilk gündən bu vaxta qədər şeyxülislam Allahşükür Paşazadə bölgənin bütün müsəlmanlarının mənafeyini yüksək səviyyədə təmsil etmiş, hamının inam və rəğbətini qazana bilmişdir. Bu xidmətləri nəzərə alınaraq o, 2003-cü ildə keçirilən Qafqaz Müsəlmanlarının XI Qurultayında Qafqaz Müsəlmanları İdarəsinin ömürlük sədri seçilmişdir.