Xəbərlər və Yeniliklər

Bakıda “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda anım tədbiri keçirilib

Bakı, 27 yanvar 2026 – Tolerantlıq Evində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və İsrail Dövlətinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda anım tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Holokost qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman çıxış edərək bildirib ki, Mərkəz fəaliyyət göstərdiyi 11 il ərzində hər il Holokost qurbanlarının xatirəsini yad edir. O qeyd edib ki, bu il anım tədbiri Tolerantlıq Evində xüsusi formatda keçirilib. A.Qəhrəman vurğulayıb ki, tədbirin məqsədi təkcə tarixi xatırlamaq deyil, həm də gənclərə tolerantlıq, insan hüquqlarına hörmət və mədəniyyətlərarası anlayış dəyərlərini aşılamaqdır.

İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz çıxışında Holokostun XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu bildirib. Onun sözlərinə görə, bu faciə bütün bəşəriyyət üçün ağır dərsdir və onun xatirəsinin qorunması gələcək nəsillərin məsuliyyətidir.

BMT-nin Rezident Əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç BMT-nin dözümsüzlüyün bütün formalarına qarşı mübarizə apardığını, gənclərin maarifləndirilməsi və nifrət ideologiyasının qarşısının alınması istiqamətində ardıcıl işlər gördüyünü qeyd edib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, bu tədbir Azərbaycanda hökm sürən tolerant mühitin bariz nümunəsidir. O vurğulayıb ki, Azərbaycan cəmiyyəti tarixən dini və etnik fərqlərə hörmətlə yanaşıb və Holokost kimi faciələrin anılması tarixdən dərs almağın vacibliyini xatırladır.

Milli Məclisin deputatı Anatoliy Rafailov çıxışında Azərbaycan xalqının da tarixində soyqırımı və kütləvi qırğın faciələrinin olduğunu qeyd edərək, bu baxımdan Azərbaycan cəmiyyətinin yəhudi xalqının ağrılarını anladığını bildirib.

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete Azərbaycanda müxtəlifliyin qorunmasının dövlət siyasətinin prioritetlərindən biri olduğunu və bunun ictimai sabitliyin əsas amillərindən sayıldığını diqqətə çatdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxışında nasist konsentrasiya düşərgəsinin keçmiş məhbusu Viktor Franklın “İnsanın məna axtarışı” əsərinə istinad edərək Holokost faciəsinin mənəvi tərəflərindən bəhs edib. O, insan nəfsinin nəzarətsiz qalmasının ağır nəticələrə yol açdığını vurğulayıb.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxışında insanlara qarşı dözümsüzlüyün və yəhudilərə qarşı törədilmiş soyqırımın bəşəriyyətə qarşı cinayət olduğunu bildirib.     O, Ulu Öndərin “Tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür” fikrini səsləndirərək, yəhudilərin Azərbaycanda tamhüquqlu vətəndaş olaraq, təhlükəsiz mühitdə yaşadıqlarını və   yəhudilər üçün dörd mərtəbəli dini-mədəni mərkəzin tikintisinin başa çatmaq üzrə olduğunu qeyd edib. Milix Yevdayev əhalisinin 96%-i müsəlmanlardan ibarət olan bir ölkədə yəhudilər üçün belə bir mərkəzin təsis olunmasını dünyada analoqu olmayan hadisə kimi yüksək dəyərləndirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Holokostla Azərbaycan xalqının üzləşdiyi faciələr arasında paralellər apararaq, ölkəmizdə etnik və dini müxtəlifliyin sülh şəraitində yaşadığını qeyd edib.

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski həm xalqımıza qarşı, həm də qlobal miqyasda baş vermiş soyqırımları bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət kimi dəyərləndirib və Polşada Osvensim düşərgəsinə səfəri zamanı gördüklərinin onda dərin təəssürat yaratdığını bildirib. O, multikultural və tolerant mühitin mövcud olduğu Azərbaycanı xilas məkanı adlandırıb və Azərbaycanda doğulduğu üçün özünü xoşbəxt hesab etdiyini bildirib.

Tədbirdə çıxış edənlər Holokostla yanaşı, dünyada baş vermiş digər soyqırım faciələri arasında paralellər apararaq Xocalı faciəsini xüsusi qeyd ediblər. Azərbaycanın multikulturalizm və tolerantlıq modeli tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib