Polşa müftisi və səfiri Bakıda “Tolerantlıq Evi"ndə olublar
Bakı, 27 aprel 2026 — Polşa Müsəlman Dini Birliyinin Ali Müsəlman Kollecinin sədri, müfti Tomaş Mişkeviç, xanımı Barbara Mişkeviç və Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski “Tolerantlıq Evi”ni ziyarət ediblər.
Qonaqları Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev və Tolerantlıq Evinin direktoru Fatma Paşazadə qarşılayıb. Görüş zamanı Fatma Paşazadə qonaqlara Tolerantlıq Evinin fəaliyyəti və məqsədləri barədə ətraflı məlumat verib.
Bildirilib ki, Tolerantlıq Evi Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələrini, müxtəlif dinlər və mədəniyyətlər arasında formalaşmış qarşılıqlı hörmət və mehriban münasibətləri, eləcə də dövlətin bu sahədə həyata keçirdiyi siyasəti özündə əks etdirən zəngin ekspozisiyaya malikdir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın maddi və mənəvi dəstəyi ilə fəaliyyətə başlayan bu məkan dinlərarası dialoqun təşviqi və cəmiyyətdə qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından mühüm rol oynayır.
Ziyarət zamanı müfti Tomaş Mişkeviç Azərbaycanın regionda artan rolunu xüsusi vurğulayıb, ölkəmizin sülh və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüslərdə fəal iştirak etdiyini qeyd edib. O, həmçinin Azərbaycanın dinlərarası dialoqun inkişafındakı mövqeyini önə çəkərək, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə verilən töhfələrin müsbət nəticələrini diqqətə çatdırıb.
Səfərin sonunda qonaqlar Tolerantlıq Evinin fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşərək Azərbaycanın tolerantlıq modelini yüksək qiymətləndiriblər. Müfti Tomaş Mişkeviç və səfir Pavel Radomski xatirə kitabına ürək sözlərini və xoş arzularını yazıblar.











