Tolerantlıq Evində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 22 may 2026 - Tolerantlıq Evi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə Tolerantlıq Evində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələri, tolerantlıq siyasəti, milli-mənəvi dəyərləri və müasir Azərbaycan cəmiyyətində bu irsin davam etdirilməsi mövzularında çıxışlar səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Tolerantlıq Evinin direktoru Fatma Paşazadə 1918-ci ildə İstiqlal Bəyannaməsi ilə bəyan edilmiş tolerantlıq və bərabərlik prinsiplərinin müasir Azərbaycan dövlətinin siyasətinə və cəmiyyətin real həyat tərzinə çevrilməsindən, bu sarsılmaz təməlin, tarixi irsin və tolerantlıq siyasətinin Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qorunub inkişaf etdirilməsindən danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin Sədr müavini Fuad Nurullayev çıxışında din və vətəndaşlıq münasibətlərinə toxunaraq vurğulayıb ki, sağlam vətəndaş cəmiyyətinin formalaşmasında dini-mənəvi dəyərlər mühüm rol oynayır. O bildirib ki, vətənə bağlılıq, qarşılıqlı hörmət və ictimai həmrəylik Azərbaycan cəmiyyətinin əsas sütunlarındandır.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Fəlsəfə və İctimai Elmlər kafedrasının müəllimi Ləman Hazıyeva Azərbaycan xalqının tarixi tolerant dünyagörüşü, multikultural dəyərləri və birgəyaşayış mədəniyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən hüquqi müstəviyə qaldırılması və bu irsin bu gün də davam etməsi barədə danışıb.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev isə bu gün Azərbaycanda mövcud olan tolerantlıq mühitinin tarixi əsaslarının məhz Cümhuriyyət dövründən qaynaqlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, müasir Azərbaycanın multikulturalizm və dini həmrəylik siyasəti həmin dövlətçilik ənənələrinin davamıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, ADA Universitetinin müəllimi, t.ü.f.d., dosent Ziyad Əmrahov Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi mürəkkəb siyasi mübarizə yolundan bəhs edib. O vurğulayıb ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Cümhuriyyət xalqın azadlıq və müstəqillik iradəsinin simvoluna çevrilib və müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edib.
Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitunun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Ülkər Əliyeva çıxışında Azərbaycanda mövcud tolerantlıq ənənələrinin tarixi köklərinə toxunaraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də bu dəyərlərə sadiqlik nümayiş etdirilib. O qeyd edib ki, müxtəlif din və millətlərin nümayəndələrinin birgə yaşayışı Azərbaycanın ictimai-mədəni həyatının ayrılmaz hissəsi olub.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Rüxsarə Quliyeva çıxışında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi diqqət ayırdığı mühüm məsələlərdən biri milli-mənəvi özünəməxsusluğun qorunması, dini etiqad azadlığının təmin edilməsi və Azərbaycanda yaşayan milli azlıqların hüquqlarının tanınması idi. O qeyd edib ki, “İnsanlara hürriyyət – millətlərə istiqlal” prinsipini rəhbər tutan Cümhuriyyət qurucuları bu demokratik ideyaları dövlətin yaranmasının ilk günündən əsas hüquqi sənədlərdə təsbit etmişdilər. Çıxış zamanı vurğulanıb ki, 1918-ci il mayın 28-də qəbul olunan Azərbaycan İstiqlal Bəyannaməsində bütün vətəndaşların milli və dini mənsubiyyətindən asılı olmayaraq hüquq və azadlıqlarının təmin ediləcəyi bəyan olunmuşdu. Bununla da Azərbaycan coğrafiyasında tarixən formalaşmış tolerantlıq və multikultural dəyərlər ilk dəfə rəsmi hüquqi sənəddə öz əksini tapmışdı.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov çıxışında Cümhuriyyətin təhsil siyasətindən danışaraq qeyd edib ki, həmin dövrdə milli maarifçiliyin inkişafı, dünyəvi təhsilin gücləndirilməsi və savadlı cəmiyyətin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.
Tədbirin sonunda iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki müstəsna rolunu vurğulayaraq, onun demokratik və tolerant dəyərlərinin bu gün də yaşadıldığını bildiriblər.









