Xəbərlər və Yeniliklər

Kardinal Corc Ceykob Kuvakad Tolerantlıq Evini ziyarət edib

Bakı, 16 iyun 2026 - Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti, kardinal Corc Ceykob Kuvakad Azərbaycana səfəri çərçivəsində “Tolerantlıq Evi”ni ziyarət edib. Qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri qarşılayıblar.

 

Qonaq Azərbaycanın dinlərarası dialoq, qarşılıqlı hörmət və birgəyaşayış ənənələrini, həmçinin ölkədə formalaşmış tolerantlıq mühitini əks etdirən ekspozisiya ilə yaxından tanış olub. Ona müxtəlif ölkələrin və beynəlxalq dini liderlərin təqdim etdikləri xatirə hədiyyələri barədə məlumat verilib.

 

Görüş zamanı dinlərarası əməkdaşlığın inkişafı, sülh və qarşılıqlı anlaşma dəyərlərinin təşviqi, eləcə də Azərbaycanın bu sahədə formalaşdırdığı nümunəvi təcrübə ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonra qonaq öz təəssüratlarını bölüşərək, Azərbaycanın və onun dini liderlərinin təşviq etdiyi dinlərarası harmoniyanı yüksək qiymətləndirib. Kardinal Corc Ceykob Kuvakad qeyd edib ki, qarşılıqlı hörmət və birgəyaşayış prinsiplərinə əsaslanan Azərbaycan modeli dünya üçün nümunə xarakteri daşıyır və müxtəlif dini icmalar arasında etimadın möhkəmlənməsinə mühüm töhfə verir.

 

Ziyarətin sonunda kardinal Corc Ceykob Kuvakad “Tolerantlıq Evi”nin xatirə kitabında qeyd edib ki, Azərbaycana səfərə dəvətə və göstərilən səmimi qonaqpərvərliyə görə şeyxülislam Allahşükür Paşazadəyə minnətdardır. O bildirib ki, dünyanın tanınmış liderləri tərəfindən təqdim edilmiş hədiyyələr şeyxülislamın bəşəriyyət naminə sülh və harmoniyanın təşviqi istiqamətində fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir və Tolerantlıq Evi bu dəyərlərin beynəlxalq səviyyədə təşviqinin mühüm platformalarından biridir.