Xəbərlər və Yeniliklər

14–16 sentyabr tarixlərində keçiriləcək beynəlxalq konfransların iştirakçıları “Tolerantlıq Evi”ni ziyarət ediblər

Bakı, 13 sentyabr 2026 - 14–16 sentyabr tarixlərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Müsəlman Dini İdarə rəhbərləri Şurasının 7-ci Görüşünün, Görüş çərçivəsində Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi konfransın, eləcə də Ağdam şəhərində keçiriləcək Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclasının iştirakçıları “Tolerantlıq Evi”ni ziyarət ediblər. 

 

Ziyarət zamanı qonaqlara Azərbaycanın əsrlər boyu formalaşmış zəngin dini-mədəni irsi, tolerantlıq və multikulturalizm ənənələri, müxtəlif dini konfessiyaların nümayəndələri arasında qarşılıqlı hörmət və dinc birgəyaşayış mühiti barədə məlumat verilib.

 

Dini liderlər, alimlər və nümayəndə heyətlərinin üzvləri “Tolerantlıq Evi”ndə yaradılmış şəraitlə tanış olub, ölkəmizdə dini tolerantlığın qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərlə bağlı fikir mübadiləsi aparıblar.

 

Ziyarət zamanı Azərbaycanın müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı hörmət və həmrəylik şəraitində birgə yaşadığı ölkə kimi zəngin təcrübəsi diqqətə çatdırılıb.

 

Seyid Yəhya Bakuvinin mənəvi irsində mühüm yer tutan sülh, insanpərvərlik, mənəvi kamillik və tolerantlıq ideyalarının bu gün də böyük aktuallıq daşıdığı vurğulanıb.

 

Beynəlxalq tədbirlərin iştirakçılarının “Tolerantlıq Evi”nə ziyarəti dini və mədəni dəyərlərin qarşılıqlı tanıdılması, dinlərarası dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.