Xəbərlər və Yeniliklər

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Tolerantlıq Evini ziyarət edib

Bakı, 18 sentyabr 2026 - Ziyarət zamanı qonağa Tolerantlıq Evinin yaradılma məqsədi və bu məkanın Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin təbliği və təşviqində oynadığı mühüm rol barədə ətraflı məlumat verilib.

 

Bildirilib ki, Tolerantlıq Evi müxtəlif dini və mədəni dəyərlərin qarşılıqlı hörmət və anlaşma mühitində təqdim olunduğu, Azərbaycanın tolerant cəmiyyət modelini əks etdirən mühüm məkanlardan biridir.

 

Məhəmməd Əbdülsalam, həmçinin Tolerantlıq Evində nümayiş etdirilən eksponatlarla tanış olub. Qonağa üç səmavi dinə — İslam, xristianlıq və yəhudiliyə aid nadir və tarixi nümunələr haqqında məlumat verilib. Eksponatların yalnız dini irsin deyil, eyni zamanda müxtəlif inancların əsrlər boyu bir arada yaşamasının və qarşılıqlı ehtiram ənənəsinin canlı nümunələri olduğu vurğulanıb.

 

Ziyarət Azərbaycanın tolerantlıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılması baxımından da əlamətdar olub.