AZƏRBAYCANDA PRAVOSLAVLIQ
Qafqazda, eləcə də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri Alban kilsəsi hesab edilir. Xristianlıq Azərbaycanda hələ apostol dövründə, rəvayətə görə, müqəddəs Həvari Varfolomey (o da burada şəhid olub) və yerli ənənəyə görə Albaniya Həvarisi adlandırılan Apostol Faddeyin şagirdi Yeliseyin təbliğ fəaliyyətindən sonra yayılmışdır. Bu səbəbdən Alban kilsəsi apostol kilsəsi adlandırılır.
Ümumiyyətlə, alban ənənəsi xristianlığın yayılmasında bir-birini əvəz edən iki dövrü qeyd edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddeyin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddeyin şagirdi Müqəddəs Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövr şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci mərhələ (yunanpərəst) Maarifçi Qriqorinin və Alban hökmdarı Urnayrın adları ilə bağlıdır. Çar Urnayr 313-cü ildə xristianlığı dövlət dini elan edir və IV əsrin ortalarından Alban kilsəsi aftokefal olur.
Erməni-qriqorian kilsəsindən fərqli olaraq Alban Apostol Kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimlə, Yerusəlimin kilsəsi ilə, sonralar isə Yerusəlimin patriarxlığı ilə bağlı olub. Sasani şahənşahlarının bölgədə apardıqları konfessional siyasətlə uyğunlaşmaq məcburiyyəti qarşısında qalan Alban Apostol Kilsəsi qısa müddət ərzində monofizit etiqadını qəbul etməyə məcbur qalsa da, əsrlər ərzində deofizit etiqadına sadiq qalmışdır.
Ərəb işğalından sonra (VIII əsr) Albaniyada islam dini yayılmağa başlayır. Xəlifə Əbd-əl Malikin verdiyi fərmana görə Alban Apostol Kilsəsi özünün avtokefallığını itirir, iyerarxik baxımdan erməni-qriqorian kilsəsinə tabe edilir. Ərəb xilafətinin konfessional siyasətnin istiqamətlərini öz maraqları ilə uzlaşdırmağı əsas götürərək ermənilər, öz təbirincə, “xalkedonizmə” düşmüş alban ruhanilərini sıxışdırıb çıxarmağa başladılar. Nəhayət, 1836-cı ildə, XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya imperiyasına birləşdirilməsindən sonra I Nikolayın reskripti ilə Alban Katolikosluğu ləğv edildi və onun yerinə erməni kilsəsinin (Eçmiədzin Patriarxlığı) yurisdiksiyasında iki yeparxiya və vikariat yaradıldı.
Udilər – Alban etnoslarından biri – xristianlıq etiqadlarını günümüzə kimi qoruyub saxlayıblar. Onlar Azərbaycanın Qəbələ və Oğuz rayonlarında yaşayır və Alban Apostol Kilsəsinin tarixi ənənələrini uğurla yaşadırlar. 2003-cü ildə Robert Mobilinin rəhbərlik etdiyi Alban-udin xristian icması dövlət qeydiyyatından keçmişdir.
XIX əsrin əvvəllərindən rus əhalisinin Azərbaycana gəlməsi, Rus Pravoslav Kilsəsinin fəaliyyətə başlaması xristianlığın inkişafında yeni təkan yaratdı. İlk rus pravoslav kilsəsi 1815-ci ildə Bakıda inşa olunub, sonralar Gəncə, Şamaxı və başqa şəhərlərdə kilsələr tikilib. Sənayenin inkişafı və rus əhalisinin çoxlu axını ilə əlaqədar 1905-ci ildə Bakı vikariat yeparxiyası, 1919-cu ildə isə müstəqil “Bakı və Xəzəryanı” yeparxiyası təşkil edildi.
Sovet dövründə ateist siyasətin nəticəsi olaraq kilsə həyatına da böyük zərbə vurulmuşdu. 1930-cu illərin ortalarında, demək olar ki, bütün pravoslav kilsələri dağıdıldı, qalanları bağlandı. 1936-cı ildə sonuncu kilsənin – Bakıdakı Arxangel Mixail kilsəsinin – bağlanması ilə kilsə həyatı 10 ilə yaxın dondu. Repressiya xristian din xadimlərindən də yan keçməmişdir. Azərbaycanda xidmət etmiş keşişlərdən biri, 1937-ci ildə öldürülən İoann Qançev hazırda yeni şəhid kimi vəsf olunur.
1944-cü ildən Azərbaycan Respublikası ərazisində Rus Pravoslav Kilsəsinin Stavropol-Bakı yeparxiyasının tərkibinə daxil olan pravoslav kilsələri yenidən canlanmağa başladı. Rus Pravoslav Kilsəsinin kilsələrindən əlavə, ölkədə Gürcü Pravoslav Kilsəsinin yurisdiksiyasına daxil olan bir kilsə – Qax rayonunun Qax-İngiloy kəndində yerləşən Müqəddəs Georgi kilsəsi var.
Müstəqillik dövründə Azərbaycanda ənənəvi konfessiyaların açıq fəaliyyəti üçün şərait yarandı. 1998-ci il dekabrın 28-də Moskvanın və Bütün Rusiyanın patriarxı II Aleksinin qərarı ilə, Prezident Heydər Əliyevin dəstəyi sayəsində Rus Pravoslav Kilsəsinin 128-ci yeparxiyası olan Bakı-Xəzəryanı yeparxiya bərpa olundu. Arximandrit Aleksandr İşşein yepiskop seçildi.
2011-ci ildə Bakı və Xəzəryanı yeparxiya Bakı və Azərbaycan yeparxiyası adlandırıldı. Azərbaycan cəmiyyətində böyük hörmət qazanan arxiyepiskop Aleksandr İşşein 22 il ərzində yeparxiyaya rəhbərlik etmiş, dinlərarası dialoq və millətlərarası birliyin möhkəmlənməsinə töhfə vermişdir. O, “Şöhrət” və “Dostluq” ordenləri ilə təltif edilib və Fəxri xiyabanda dəfn olunub.
Azərbaycanın pravoslav vətəndaşları Konstitusiyada nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan istifadə edirlər. 2013-cü ildə BakıYeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi istifadəyə verildi. 2019–2022-ci illərdə isə dövlət sərəncamı ilə Bakıda pravoslav kilsələrində geniş tikinti və bərpa işləri aparıldı.
Hazırda Bakı və Azərbaycan yeparxiyasına Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Xaçmaz və İvanovka kəndində yerləşən 8 kilsə daxildir. Onlardan ikisi dövlət qeydiyyatına alınmağı gözləyir. Hər kəsə açıq olan kilsələrdə hər gün ibadətlər edilir. Kilsə ənənəsinə uyğun olaraq Bakıda, Qız qalasının yaxınlığında əzab çəkən müqəddəs Apostol Varfolomeyin xatirəsi xüsusi təntənə ilə qeyd olunur. Hər il iyunun 24-də onun anım günündə Bakı yeparxiyasının bütün ruhanilərinin iştirakı ilə köhnə Bakının mərkəzində 1936-cı ildə dağıdılmış Apostol Varfolomey kilsəsinin bünövrəsi üzərində ilahi mərasim keçirilir.






















