Xristianlıq

ALBAN-UDİ XRİSTİAN İCMASI

Qafqazda xristianlığın rəsmi din kimi strukturlaşmasının tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar sübut edir ki, tək Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuş Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir.

Dünyada ilk xristian kilsələrindən olan Alban kilsəsi (xristianlıq 313-cü ildən dövlət dini olmuşdur) meydana gəldikdən sonra albanların və Albaniyanın həyatının ayrılmaz tərkib hissəsini təşkil etmişdir. Alban kilsəsi Albaniyada dövlətin mövcudluğu şəraitində siyasi dəstək görmüş, cəmiyyət həyatında geniş nüfuz qazanmışdır. Ölkədə xristianlığı çar III Vaçaqan (487–510) daha qətiyyətlə yaymışdır. Onun tərəfindən feodal iyerarxiyasına uyğun təsis edilən kilsə iyerarxiyası zaman keçdikcə geniş hüquqlardan istifadə etmişdi. Kilsə hakimiyyəti kilsə-inzibati vahidləri – yeparxiyalar/yepiskopluqlar üzrə bölünürdü. V–VIII əsrlərdə Albaniyada 12 yepiskopluq (Qəbələ, Amaras, Şəki, Girdiman, Bərdə və b.) var idi.

Albaniya ərazisinin Ərəb xilafətinin tərkibinə daxil edilməsi (VII–IX əsrlər), islamın yayılması və siyasi hakimiyyətin ləğvi (705) erməni və gürcü kilsələrindən fərqli olaraq Alban kilsəsi üçün mürəkkəb vəziyyət yaratdı. Bu şəraitdə Alban kilsəsinin konfessional fəaliyyət dairəsi ərazi baxımından məhdudlaşmışdı. Bu vəziyyətdən istifadə edən erməni-qriqorian kilsəsi onu müdafiə edən xilafətin siyasi hakimiyyətindən istifadə edərək Alban kilsəsinə qarşı təzyiqlərə başlamışdı. Bütün bunlara baxmayaraq alban etnosu və onun kilsəsi yeni tarixi şəraitə uyğunlaşaraq bu çətinlikləri aradan qaldırmağa çalışmış, heç bir zaman öz ərazisini itirməmiş, VIII əsrədək bütün ölkə ərazisində, IX–XIX əsrlərdə isə tarixi Albaniyanın Arsax, Sünik, Uti və Şəki-Kambisena vilayətlərində yaşayaraq siyasi qurumlarını yaratmağa, bərpa etməyə nail olmuşdu.

Alban katolikosluğu Rusiya imperiyasının tarixi Azərbaycan torpaqlarını işğal etməsindən sonra müxtəlif təzyiq və təsirlər nəticəsində imperator I Nikolayın 11 mart 1836-cı il tarixli fərmanına əsasən erməni-qriqorian kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən və ölkəmizdə vicdan azadlığı tam təmin olunduqdan sonra Alban Apostol Kilsəsinin statusunun bərpası üçün tarixi fürsət yaranıb. Udi ziyalılarının təşəbbüsü ilə 2003-cü ildə Alban-Udi xristian icması yaradılıb və dövlət qeydiyyatından keçib. Dini icmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi yolunda ilk addımdır. Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda “kilsələrin anası” hesab olunan apostol Yelisey məbədi bərpa edilib, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” Alban-Udi kilsəsinin rəsmi açılışı olub. 2020-ci ildə isə Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib ibadət edən sakinlərin ixtiyarına verilmişdir.

Hazırda Alban Apostol Kilsəsinin mənəvi varisləri kimi Azərbaycan Alban-Udi xristian dini icması erməni işğalından azad olunmuş Laçındakı Ağoğlan, Kəlbəcərdəki Xudavəng monastırlarını, eləcə də Hadrut qəsəbəsiTuğ kəndindəki alban məbədlərini dəfələrlə ziyarət edib, işğaldan azad edilmiş ərazilərdəki digər alban məbədlərinin də yüksək səviyyədə bərpa olunması ilə bağlı mənəvi dəstəyini nümayiş etdirir.